Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı

2020.02.27 17:51 (UTC+04:00)

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb. O bildirib ki, vizasız gediş-gəlişi haqqında Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası"nın iclasında imzalanıb.

İclasda həmçinin "Güzəştli Ticarət Sazişi" və Naxçıvana dəmir yollarının inşası haqqında razılaşmalar da daxil olmaqla 13 saziş və 1 birgə bəyannamə imzalanıb: "İki ölkə vətəndaşları indiyə qədər qarşılıqlı olaraq 30 günə qədər turist kimi vizasız səyahət edə bilirdilər. Yeni sazişlə bu müddət 90 günə qədər artırılıb. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq, məhdudiyyətlər aradan qaldırılacaq. Çünki məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyə vətəndaşların şikayətlərinə səbəb olurdu".