Neft Fondu ABŞ daşınmaz əmlak bazarına investisiyalarını davam etdirəcək

2020.02.27 18:28 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ABŞ daşınmaz əmlak bazarına investisiyaların davam etdirilməsini nəzərdə tutur. Bu barədə AZƏRTAC-a müsahibəsində Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən, Dövlət Neft Fondunun investisiya portfelinə daşınmaz əmlak və digər yeni investisiya alətləri daxil edilib. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-nin investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olub: "Fond daşınmaz əmlaka investisiyaları 2020-ci ildə də davam etdirəcək. Cari il üzrə strategiyaya uyğun olaraq azriskli və sabit gəlir gətirən əmlak növlərinə yatırım edən fondlara investisiya qoyuluşları həyata keçirilməsi planlaşdırılır. Həmçinin ABŞ daşınmaz əmlak bazarına investisiyaların davam etdirilməsi nəzərdə tutulur. Bu investisiyalar həm fondlar vasitəsi ilə, həm də müştərək investisiyalar şəklində həyata keçiriləcək".