Ötən il "AzerGold" QSC dövlət büdcəsinə ümumilikdə 13.487.739 manat vəsait ödəyib. Bunu "AzerGold" QSC-in sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair fevralın 24-də keçirdiyi mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2018-ci ildə sözügedən göstərici 12.644.465 manat təşkil edib. 2019-cu ildə büdcə ödənişləri öncəki illə müqayisədə 843.274 manat, yəni 6,7 faiz artıb: "Hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində Cəmiyyət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən alışı təşkil edib".
O həmçinin əlavə edib ki, QSC tərəfindən 2019-cu ildə 57 min unsiya saf qızıl ARDNF-a satışı həyata keçirilib. Bu, satışın ümumi həcminin 95 faizini təşkil edir.