İspaniyanın Nazirlər Şurası rəqəmsal xidmətlər göstərən iri şirkətlərə vergi qoyulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə Nazirlər Kabinetinin rəsmisi xanım Mariya Xesus Montero açıqlama verib.
Söhbət "Google" vergisi" adlandırılan vergidən gedir. Bundan əlavə, hökumət maliyyə əməliyyatlarına vergi tətbiq olunması haqqında qanunu da təsdiqləyib. Hər iki təşəbbüs baxılmaq üçün parlamentə təqdim ediləcək.
"Biz köhnə vergi sistemi ilə müasir ümumi rifah dövlətindən danışa bilmərik, – xanım Mariya Xesus Montero bildirib. – Hökumət orta sinif və ya kiçik və orta biznes subyektləri üçün vergiləri artırmadan rəqəmsal verginin tutulmasını həyata keçirəcək".
Gözlənilir ki, "Google" vergisi" internet nəhənglərini əhatə edəcək və bu verginin dərəcəsi 3 faiz olacaq. Hökumətin hesablamalarına əsasən, bu iki verginin tətbiqi sayəsində dövlət büdcəsinə hər il 1,8 milyard avro əlavə vəsait daxil olacaq.