Avropa İttifaqı "qara siyahı"nı genişləndirib

2020.02.21 18:53 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) vergi sığınacaqlarının "qara siyahısı"na daha dörd yurisdiksiyanın – Seyşel adalarının, Kayman adalarının, Palaunun və Panamanın da adlarını əlavə edib. "Bu dövlətlər və ya ərazilər müəyyən edilmiş müddət ərzində vergi islahatları aparmayıblar", - Aİ-nin mətbuat ofisinin yaydığı rəsmi açıqlamada bildirilib. Qeyd olunub ki, Aİ-nin şərtlərinin böyük əksəriyyətini yerinə yetirən Türkiyəyə zəruri prosedurları başa çatdırmaq üçün əlavə vaxt verilib.

Qeyd edək ki, vergidən yayınmağa şərait yaradan ölkələrin "qara siyahısı"nın tərtibinə 2017-ci ildə böyük qalmaqalllara səbəb olmuş "Panama sənədləri"nin ictimailəşdirilməsindən sonra başlanmışdı və indiyədək Aİ-nin siyahısına fiskal sahədə İttifaqla əməkdaşlıq etməyən 12 ölkə və ya ərazinin adı salınmışdı.