Ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimələrin tətbiqi

2020.02.21 15:53 (UTC+04:00)

Vergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.43-cü bəndinin müddəalarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılması nəzərdə tutulmuşdu.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş cərimə gəlirdən çıxılmır.