Son illər həm siqaret, həm də alkoqollu içkilərin istehsalında artım müşahidə olunur. 2019-cu ildə 2018-ci illə müqayisədə ölkəyə idxal edilən siqaretlərin kəmiyyətində 2,6 dəfə azalma var: 2018-ci ildə ölkəyə 11 milyard qutudan çox siqaret idxal edildiyi halda, keçən il bu rəqəm 4,7 milyarda qədər azalıb. Yerli istehsalda isə 2 dəfədən çox artım qeydə alınıb: 2018-ci ildə yerli istehsalın həcmi 4,5 milyard qutu, 2019-cu ildə 9 milyard qutudan çox olub. Bu göstəricilər idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda, yerli istehsalın genişlənməsi baxımından əhəmiyyət kəsb edir.
Aksiz dərəcələrinin artırılması sayəsində, əvvəla, xaricdən idxal olunan tütün məmulatları, spirtli və energetik içkilərin qiymətində artımlar olacaq. Qiymət artımları məhsulun növündən asılı olaraq dəyişəcək.
Bununla belə, yerli məhsulların qiymətlərində artım proqnozlaşdırılmır. Tələbatın daha çox yerli məhsullar hesabına ödənildiyini nəzərə alsaq, nəticə etibarilə xaricdən gətirilən məhsulların qiymətlərinin artması istehlaka ciddi təsir göstərməyəcək.
Son illər xüsusilə idxal olunan tütün məmulatlarının qiymətindəki artımlar (2019-cu ildə xaricdən Azərbaycana idxal edilən siqaret məhsullarının qiyməti 16,6 faiz artıb) xarici məhsullara tələbi azaldıb, yerli məhsullara isə artırıb. Bu baxımdan, aksiz dərəcələrinin tənzimlənməsi yerli məhsullara tələbi artırmaqla bərabər, daxili bazarı qorumaq məqsədi daşıyır.
Səbuhi TURAN