Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

2020.02.20 15:12 (UTC+04:00)

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.