İşçilərin sayı, hərəkəti və əməkhaqqı fondu haqqında hesabat formasında dəyişiklik edilib

2020.02.20 14:28 (UTC+04:00)

Dövlət Statistika Komitəsi "İşçilərin sayı, hərəkəti və əməkhaqqı fondu haqqında" 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Qərarında dəyişiklik edib. Dəyişiklik rəsmi statistika hesabatı ilə bağlıdır.

İndiyə qədər kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri isə rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməli idi.

Qərara əsasən, kiçik sahibkarlıq subyektlərinin rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəyişib, publik hüquqi şəxslər, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatlarının rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəqiqləşib.

Fevralın 14-dən qüvvəyə minmiş qərara əsasən, kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, mikrosahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək yerləşdikləri rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim etməlidir.