Hollandiyanın Təmsilçilər Məclisi Aİ ilə Kanada arasında sərbəst ticarət sazişini qəbul edib

2020.02.19 19:03 (UTC+04:00)

Hollandiya parlamentinin aşağı palatasını təşkil edən Təmsilçilər Məclisi Avropa İttifaqının (Aİ) Kanada ilə arasında uzun illərdir müzakirə olunan sərbəst ticarət sazişini kiçik səs çoxluğu ilə (69 səsə qarşı 72) qəbul edib. Sazişin tam qüvvəyə minməsi üçün Hollandiya parlamentinin yuxarı palatasının – senatın da təsdiqi tələb olunur.

Bəzi müddəaları 2017-ci ildən qüvvədə olan sərbəst ticarət sazişinin (CETA) bütün maddələrinin qüvvəyə minməsi üçün Aİ-yə üzv ölkələrin hər birinin parlamenti tərəfindən qəbul edilməsi tələb olunur. Saziş Kanada ilə Aİ ölkələri arasında gömrük vergilərini, demək olar ki, tamamilə aradan qaldırır, mühüm məhsulların ticarətində isə kvotaların genişləndirilməsinə şərait yaradır.