Malların alış aktının təqdim edilməsi

2020.02.19 17:24 (UTC+04:00)

1 yanvar 2020-ci il tarixdən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanı əldə edəcək. Malların alış aktı və ya elektron alış sənədi sırf malların alışını təsdiq edən sənəd hesab olunur. Vergi ödəyicisi malların vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa-məxaric orderi yazıb qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir.

Vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, malların kağız əsaslı alış aktını da tərtib etməlidir. Amma malların alış aktının kağızda tərtibinə ehtiyac olmaya da bilər: Vergi Məcəlləsinin 71-2.3-cü maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və bu halda kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Misal: Tutaq ki, "TT" MMC vergi ödəyici olmayan şəxsdən 7.000 manatlıq kənd təsərrüfatı məhsullarını qəbul edir. Vergi ödəyicisi olmayan şəxs tərəfindən malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı malların alış aktının imzalanmasına ehtiyac yoxdur.

Fərqanə ALLAHVERDİQIZI