Mənsur Bərxudarov: "Qarşıdakı 10 ildə qaz ixracından 100 milyard ABŞ dollarınadək gəlir əldə olunacağı gözlənilir"

2020.02.19 14:55 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bununla bağlı "Report"a verdiyi açıqlamada Avropanın enerji asılılığının azaldılmasında TANAP-ın xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb. Qeyd olunub ki, Avropa ehtiyacları üçün xüsusilə Rusiya və ABŞ-dan aldığı qaz və digər enerji məhsullarının diversifikasiyasını həyata keçirməkdə maraqlıdır: "Bu mənada TANAP-la Avropaya çatacaq qaz regionun enerji təhlükəsizliyinin təmin olunması üçün idxalın diversifikasiyası baxımından xüsusi rola malik olacaq. Bu, həm də kəmərə bağlı olan ölkələr arasında regional əməkdaşlıq zənciri formalaşdıracaq".

Kəmərin rentabellik məsələsinə toxunan ekspert yaxın on ildə təkcə qaz idxalından ölkəyə 100 milyard ABŞ dollarınadək gəlir gələcəyini proqnozlaşdırır: "İlk illərdə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Onun 6 milyardı Türkiyənin payına düşür ki, o, bunun müəyyən hissəsini artıq almağa başlayıb. Digər 10 milyard kubmetrin isə Yunanıstan üzərindən Avropa bazarına çıxarılması nəzərdə tutulur və bu rəqəmin sonrakı illərdə artacağı gözlənilir. Yəni bəzi hesablamalara görə, qarşıdakı 10 ildə təkcə qaz ixracından 100 milyard ABŞ dollarınadək gəlir əldə olunacaq. Bu da TANAP-ın birmənalı şəkildə rentabelli olacağı deməkdir".

Ekspert hesab edir ki, valyuta gəlirlərinin artması milli valyutanın məzənnəsinin məhkəmlənməsinə və sabitləşməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, manatın sabitliyinə nail olunması, iqtisadi sabitliyin təmin edilməsi anlamına gəlir: "Artan ixracın gətirdiyi valyuta gəlirləri artıq dövlət maliyyəsi kimi formalaşacaq. Həmin büdcə ayırmaları isə Regionların Sosial-İqtisadi İnkişaf proqramlarının reallaşmasında, qeyri-neft sektorunun inkişafında, yüksək texnoloji sahələrin yaradılmasında və inkişafında müstəsna əhəmiyyət kəsb edir. Bu da nəticə etibarı ilə Azərbaycanın kumulyativ iqtisadi göstərici olan ümumi daxili məhsulun davamlı və təminatlı artımına müsbət təsir edəcək".