Əsas hədəf 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır

2020.02.19 12:48 (UTC+04:00)

Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki, Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin istehsalında külək, günəş və biokütlənin payının artırılmasını hədəfləyib. Onun sözlərinə görə, hazırda ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə, iri su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payı 17 faizdir: "Bu göstəricidə külək, günəş və biokütlənin payı cəmi 141 MVt-dır, böyük hissəsi isə su elektrik stansiyaların payına düşür".

Nazir müavini onu da əlavə edib ki, əsas hədəf 2030-cu ilədək ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır: "Bu istiqamətdə ilk uğurlu addım "ACWA Power" və "Masdar" şirkətləri ilə 440 MVt gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur".