Bərpaolunan enerji sahəsinə yatırılan investisiyalar 300 milyon kubmetr qaza qənaət etməyə imkan yaradacaq

2020.02.19 12:03 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Bu barədə jurnalistlərə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov söyləyib.

Onun sözlərinə görə, sözügedən layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq və mərhələli qaydada icra olunacaq. Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

E. Soltanovun sözlərinə görə, sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10 faizi deməkdir. O həmçinin əlavə edib ki, 300 mln. kubmetr – Naxçıvan Muxtar Respublikasının qaz üzrə tələbatından çox həcmdir: "Bu layihələrin həyata keçirilməsi əlavə xarici investisiyalar, qazın qənaəti və ixrac imkanlarının genişlənməsi deməkdir".