KOBİA ilə AFFA əməkdaşlıq edəcək

2020.02.19 11:18 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıb. İmzalanma fevralın 19-da Bakıda "Avro-2020: KOB üçün perspektivlər" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.

2020 Avropa Çempionatı çərçivəsində Bakıda keçiriləcək oyunlar kiçik və orta sahibkarlıq subyektləri üçün perspektiv imkanlar açacaq. KOB-lara dəstək məqsədilə futbol oyunlarının keçiriləcəyi stadionun "Fan Zona"larında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq. Bu əməkdaşlıq Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin oyunlar zamanı müxtəlif xidmətlərdən istifadəsinə əlverişli şərait yaradacaq.