Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergi tətbiq edəcək

2020.02.18 18:43 (UTC+04:00)

Böyük Britaniya hökuməti tərəfindən rəqəmsal xidmətlərə vergi tətbiqi nəzərdə tutulub.

Layihəyə əsasən, bu ilin aprelindən "Britaniya istifadəçiləri üçün rəqəmsal xidmətlərin göstərilməsi ilə bağlı biznesin müəyyən növlərindən" dövriyyənin 2 faizi həcmində vergi tutulması gözlənilir. Rəqəmsal xidmətlər üçün vergi "internet axtarışları, sosial şəbəkələrin və internet mağazaların idarə olunması üzrə əməliyyatlara aid dövriyyəyə" tətbiq ediləcək.

Vergi illik məbləği 25 milyon avrodan artıq dövriyyəyə tətbiq ediləcək və yalnız o şirkətlərə şamil olunacaq ki, onların beynəlxalq miqyasda ümumi illik dövriyyəsi 500 milyon avrodan az olmasın. Yeni vergi ziyanla başa gələn rəqəmsal xidmətlərə aid edilməyəcək və əməliyyatlar azgəlirli olduqda verginin məbləği də azaldılacaq.

Ekspertlərin rəyinə əsasən, yeni verginin başlıca hədəfi "Google", "Facebook", "Amazon" və s. kimi nəhəng transmilli texnologiya şirkətləridir. Bu şirkətlərdən bəziləri öz Avropa filiallarını güzəştli vergi rejimi mövcud olan İrlandiya və ya Lüksemburq kimi yurisdiksiyalarda qeydiyyata aldırmaqla Britaniyada apardıqları əməliyyatlara görə son dərəcə az vergi ödəməkdə günahlandırılırlar.