Qeydiyyat qaydaları təkmilləşdirilir

2019.01.26 14:17 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı fərmanla kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin uçotu üzrə ilkin qeydiyyat proseduru "ASAN xidmət"ə verilib.

Vergilər Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Vergilər Nazirliyində kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı 32 istiqamətdə xidmət göstərilir. Həmin xidmətlərin yalnız ikisi - kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin uçotu üzrə ilkin qeydiyyat proseduru "ASAN xidmət"ə verilib.

Hər iki xidmət 2012-ci ildən Vergilər Nazirliyi ilə yanaşı, həm də "ASAN xidmət" mərkəzlərində icra olunur: "Bu mərkəzlərdə Vergilər Nazirliyinin uçot və qeydiyyatı üzrə 69 əməkdaşı çalışır. Kommersiya hüquqi şəxsin qeydiyyatı və ya fiziki şəxsin uçotu ilə bağlı "ASAN xidmət" mərkəzlərinə gələn vətəndaşlar orada Vergilər Nazirliyinin əməkdaşlarına müraciət edir, müvafiq sənədləri təqdim edir, sənədlər yoxlanıldıqdan sonra emal üçün kuryer vasitəsilə arxa ofisə göndərilir və qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin qeydiyyatı iki, fiziki şəxslərin uçotu isə bir gün ərzində aparılır. Bundan sonra hazırlanmış qeydiyyat sənədləri yenidən "ASAN xidmət"ə qaytarılır və oradan vətəndaşlara verilir.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmana görə isə hər iki xidmət yalnız "ASAN xidmət" tərəfindən həyata keçiriləcək".

Elxan SALAHOV