Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən ölkə üzrə sadələşdirilmiş verginin vahid dərəcə - 2 faizlə hesablanması vergitutma bazasının genişləndirilməsinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə, "kölgə iqtisadiyyatı"nın azaldılmasına, iqtisadiyyatın şəffaflaşdırılmasına və vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsinə xidmət edir.
Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov sadələşdirilmiş vergi sistemi üzrə vahid dərəcənin tətbiqinin səbəblərini açıqlayarkən bunu iqtisadiyyatın hazırkı inkişafının tələbi kimi dəyərləndirib.
Onun sözlərinə görə, iqtisadiyyatın yeni formalaşan dövründə sadələşdirilmiş vergi sisteminin geniş tətbiqinə ehtiyac var idi: "Əvvəllər sadələşdirilmiş vergi sistemi Bakı şəhərində 4, regionlarda isə 2 faiz dərəcə ilə tətbiq olunurdu. Bu sistemin tətbiqində məqsəd minimal vergi öhdəliyi müəyyən etməklə sahibkarlığın inkişafına təkan vermək idi. Təəssüf ki, illər üzrə təhlillərimiz göstərdi ki, bəzi sahibkarlıq subyektləri sadələşdirilmiş vergiyə vergidən yayınmaq üsulu kimi baxırlar. Ona görə də Vergi Məcəlləsinə dəyişikliklər hazırlanarkən, iqtisadiyyatın inkişaf tempi nəzərə alınmaqla, sadələşdirilmiş verginin əhatə dairəsinə məhdudiyyətlər müəyyənləşdirildi".
Natiq Şirinov buna misal olaraq deyib ki, lisenziya ilə fəaliyyət xüsusi icazə tələb etdiyi üçün bu sahədə məhdudiyyət qoyulub. Həmçinin 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi sistemini tətbiq edən pərakəndə ticarət fəaliyyəti məhdudlaşdırılmış sahələr sırasına daxil edilib: "Bir neçə il əvvəl sadələşdirilmiş verginin pərakəndə ticarət fəaliyyətinə tətbiqinin səbəbi o idi ki, sahibkarlar malların alınmasında və sənədləşmələrdə problemlərlə üzləşdiklərindən şikayətlənirdilər. Amma hazırda gömrük sistemində aparılan islahatların nəticəsi olaraq, idxal əməliyyatları prosesi tam şəffaf həyata keçirilir. Bundan əlavə, ölkə daxilində elektron qaimə-fakturalar təqdim olunur və buna riayət etməyənlərə maliyyə sanksiyaları tətbiq edilir.
Beləliklə, sənədləşmə zəncirinin qurulması nəticəsində 12 aylıq dövriyyəsi 200.000 manatdan yuxarı olan pərakəndə ticarət üçün 6 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqinə lüzum qalmır".
Elxan SALAHOV