Regionlardakı KOB-ların maliyyələşdirilməsində bankların rolu artır

2020.02.17 18:10 (UTC+04:00)

Mikro, kiçik və orta sahibkarların (KOB) maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) banklarla əməkdaşlığı davam etdirir. KOBİA-dan bildirilib ki, bu istiqamətdə növbəti layihə "AFBank"la birgə həyata keçirilən "Maliyyə bazarına çıxış imkanlarının artırılması" layihəsidir. Layihəyə əsasən, bankdan kredit almaq istəyən və müvafiq tələblərə cavab verən KOB-lar üçün yaşadığı rayon üzrə girov təqdim etmək imkanı (hətta bağ sahəsi girov götürüləcək), fermerlərə 5 min manatadək kreditlərin təminatsız verilməsi və məhsul yığımına qədər güzəştlərin edilməsi (aylıq yalnız faiz məbləği ödəniləcək), biznesin spesifikasına uyğun olaraq mikro kreditin alınması, bütün növ kredit faizlərinə güzəştlərin edilməsi nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində sahibkarlar peşəkar mütəxəssislər tərəfindən maliyyə-mühasibatlıq və bazar araşdırması sahələrində məlumatlandırılacaqlar.

Layihəyə dair ilk təqdimat Qəbələdə keçirilib. Maliyyə resurslarına çıxışla bağlı KOBİA-nın Qəbələ-Oğuz "KOB Dostu"na müraciət etmiş 50-dən çox sahibkarın, eləcə də agentliyin və "AFBank"ın nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə layihə barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Layihə Qəbələ ilə yanaşı, Oğuz, Şəki, Zaqatala, İsmayıllı, Ağdaş, Göyçay və digər rayon və şəhərlərdə də həyata keçiriləcək.

Qeyd edək ki, KOB subyektlərinin maliyyə resurlarına çıxış imkanlarının genişləndirilməsi üçün KOBİA mövcud dövlət maliyələşdirmə mexanizmləri barədə KOB-ları mütəmadi olaraq məlumatlandırır, sahibkarları dövlətin güzəştli kreditlərindən istifadəyə təşviq edir, eyni zamanda, alternativ maliyələşdirmə mexanizmlərini araşdırır, bu sahədə banklarla əməkdaşlıq edir.