Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı cari aktiv portfeli üç kredit xəttindən (nəqliyyat sektorunda) və altı texniki yardım layihəsindən ibarətdir. Bu barədə "APA-Economics" AİB-in Bakı ofisinə istinadən xəbər verib. Ofisdən verilən məlumata görə, Azərbaycanın bir sıra dövlət qurumu bank tərəfindən maliyyələşdirilən regional texniki yardım layihələri çərçivəsində məsləhət xidmətlərindən yararlanırlar: "2020-2022-ci illərdə AİB-in Azərbaycana ayıracaq texniki yardımın ümumi həcminin 5,8 mln. ABŞ dolları təşkil edəcəyi gözlənilir. Ötən il AİB beş texniki yardım layihəsinə Azərbaycan hökumətinə 3,2 mln. dollar ayırıb".
Qeyd edək ki, AİB-in Azərbaycanda texniki yardım üzrə cari aktiv portfelində olan layihələrə üzən günəş enerjisi istehsalı qurğusu, ünvanlı sosial yardımın sadələşdirilməsinə aid tövsiyələri, yığım prinsipinə əsaslanan pensiya təminatı sxeminin tətbiqi, "gender-həssas büdcə planlaşması" və "startap"ların inkişafı üçün mühitin yaxşılaşdırması layihələri daxildir.