Qızılın devalvasiyasına səbəb olan, qiymətini təkbaşına nizamlayan insan

2020.02.17 13:21 (UTC+04:00)

Orta əsrlərə aid "Kataloniya atlası" əlyazmasında Yerin mərkəzində tarixdə ən varlı insan təsvir edilib. "Rossiyskaya qazeta"nın məlumatına görə, XIV əsrə aid nadir atlas ABŞ-ın Şimal-Qərb Universitetinin İncəsənət Muzeyində açılan sərgidə təqdim edilib. 1375-ci ildə Aralıq dənizinin Mayorka adasında tərtib edilən xəritədə Afrikanın orta əsrlərdə nəhəng sərvətindən və nüfuzundan danışılır. Xəritədə tarixdə ən varlı insan hesab edilən Mali imperiyasının hökmdarı Mansa Musa təsvir edilib.

O, regionda qızıl hasilatına bütünlüklə nəzarət edib. Həmin dövrlərdə isə Mali qızılı ən təmiz idi və ona böyük tələbat vardı.

"Bu gün kiminsə onun qədər var-dövlətə sahib olmasını təsəvvürə gətirmək çox çətindir. İmperiyasının bütün sərvətləri Musa üçün əlyetərli idi", - deyə muzeyin əməkdaşı Bikford Berzok bildirib.

Mali qızılı, xüsusən XIV əsrdə hakim mövqe tutan valyutanın - dinarların zərb edilməsində istifadə olunurdu. Həmin sikkələrin məhz Musanın qızıllarından kəsilməsi bu yaxınlarda şifrəsi açılmış o dövrün ərəb mətnlərində aşkar edilib.

Musa tarixdə qızılın qiymətini təkbaşına nizamlayan yeganə insan hesab olunur. Onun 1324-1325-ci illərdə Məkkədə Həcc ziyarətini necə icra etməsi barədə əhvalat məlumdur. Hökmdar yolboyu yoxsullara çoxlu qızıl paylayıb və böyük məbləğdə vəsaitə mallar alıb. Bu, o dövrdə iri şəhərlərdə qızılın devalvasiyasına gətirib çıxarıb.