Çindən idxalın azalması dollara tələbi aşağı salıb

2020.02.17 10:38 (UTC+04:00)

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisadçı Elçin Süleymanov Azərbaycanın valyuta bazarındakı vəziyyəti şərh edərkən bildirib ki, son dövrlər dollara tələbin aşağı düşməsi idxalın azalması və qlobal bazarlarda baş verən hadisələrlə əlaqəlidir: "Dövlət Neft Fondunun valyuta satışı ilə bağlı dekabr və yanvarda keçirilən hərracları arasında ciddi fərq var. Dekabrda təxminən 900 milyon dollara yaxın valyuta satılmışdı, yanvarda isə hərraca daha az vəsait çıxarıldı. 540 milyon dolların cəmi 300 milyon dolları satıldı. Amma bunun səbəbləri müəyyən qədər başa düşüləndir. Çünki dekabr ayında tətil və digər səbəblərdən əhalinin dollara olan tələbi artır. Yanvarda isə dövlət də, şirkətlər də investisiya planını müəyyən qədər ehtiyatlı həyata keçirir.

Dollara tələbin azalmasının birinci səbəbini yanvar ayında Çində koronavirus epidemiyasının yayılması ilə əlaqələndirirəm. Çünki Azərbaycanda idxalın əhəmiyyətli hissəsi Çinin payına düşür. Bizim hər 100 manatlıq idxalımızın 10 manatını Çindən gələn məhsullar təşkil edir. Hazırda Çindən karqo və sərnişin təyyarələrinin ölkəyə uçuşları dayandırılıb. Yəni epidemiya idxalda tələbin azalmasına ciddi təsir göstərib.

Dollara tələbin azalması manatın məzənnəsinə bahalaşma təzyiqi yaradır. Əgər manatın möhkəmlənməsi ölkədə aparılan düzgün iqtisadi siyasət, dollarizasiyaya qarşı inzibati mexanizmdən qaynaqlanırsa, bu arzu ediləndir. Çünki hər bir ölkə öz valyutasının qorunmasını istəyir və iqtisadi siyasətinin əsas istiqamətlərindən birini ölkə valyutasının dəyərli olması təşkil edir. Hazırkı iqtisadi şəraitdə isə manatın məzənnəsinin sabit saxlanılması daha əlverişlidir".

Səbuhi TURAN