İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "My Broker" şirkətinin təşkilatçılığı ilə "2020 İxraca Dəstək" layihəsi çərçivəsində üç mərhələli maarifləndirici təlimlər baş tutub.
Təlimlər yerli istehsalın xarici bazarlara çıxarılmasının stimullaşdırılması və asanlaşdırılması üzrə "İxrac Elektron Gömrük Bəyannaməsinin doldurulması qaydaları", "İxrac əməliyyatında beynəlxalq daşınmanın həyata keçirilməsi addımları", "İxrac gömrük əməliyyatlarının rəsmiləşdirilməsinin həyata keçirilməsi prosesi" mövzularını əhatə edib.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə vurğulayıb ki, "2020 İxraca dəstək" layihəsinin həyata keçirilməsində əsas məqsəd son illər idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və elektronlaşdırılması ilə bağlı aparılan islahatların ixracatçılara kommunikasiyasıdır: "2018-2019-cu illərdə idxal-ixrac əməliyyatları və prosedurlarında həyata keçirilən islahatlar sahibkarların fəaliyyətinə nəticəvi təsirlərini göstərib. Aparılan islahatların sahibkarlar arasındakı kommunikasiyası "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin əsas məqsədlərindən biridir. Təlim çərçivəsində sahibkarlar nəinki, islahatların mahiyyəti ilə tanış olublar, o cümlədən, nəqliyyat-logistika, beynəlxalq daşınmalar, gömrükdə rəsmiləşdirmə prosedurları ilə əyani sürətdə tanış olublar".
"My Broker" gömrük təmsilçiliyinin mütəxəssisləri tərəfindən aparılan "İxrac gömrük əməliyyatının rəsmiləşdirilməsinin həyata keçirilməsi prosesi" adlı təlimin sonunda, hər üç mərhələdə fəal iştirak edən 50 sahibkara sertifikatlar təqdim olunub. Sertifikatlar "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə, "My Broker" gömrük təmsilçiliyinin rəhbəri İlqar Vahabov və təlimçi Cabir Kamranov tərəfindən sahibkarlara təqdim olunub.
Layihə üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "My Broker" gömrük təmsilçiliyi tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ixrac və idxal əməliyyatlarında sahibkarların maarifləndirilməsi üçün ehtiyac duyulan daha bir neçə maarifləndirici təlimin də təşkil edilməsi nəzərdə tutulur.