Maliyyə sanksiyaları

2020.02.14 14:38 (UTC+04:00)

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını, 58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. Məcəllənin 57.1-ci maddəsi vergi hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur, yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.