İlk mobil telefon 1983-cü ildə 3995 dollara satışa çıxarılıb

2020.02.13 18:25 (UTC+04:00)

Telefon (qədim yunancadan tərcümədə "uzaq" və "səs" deməkdir) səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. 1876-cı ildə Boston Universitetinin professoru Aleksandr Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və martın 10-da ilk telefon danışığı baş tutdu. Bell iş otağından telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: "Mister Uotson, buraya gələ bilərsinizmi? Siz mənə lazımsınız".

İlk telefon stansiyası isə 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində qurulub. Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabrın 23-də "Nobel qardaşları cəmiyyəti"nin təşəbbüsü ilə istismara verilib.

Telefonun ikinci dəfə "dünyaya gəlişi" XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ilk portatib versiyasi 1973-cü ildə Motorolla mühəndisi Martin Cooper tərəfindən yaradılıb. Buna qədər küçə telefonlarından və gəzdiriləbilən telefon stansiyalarından başqa sürətli rabitə sisteminin olmaması həm gündəlik istifadədə, həm də fövqəladə hallarda əlaqəni çox çətin hala salırdı. Satış məqsədilə ilk mobil telefon - Motorolla "Dyna-Tac 8000X" 1983-cü il martın 6-da istehsal olunub. Çəkisi 794 qram olan telefon 3995 dollara satışa çıxarılmışdı.