Zemfira Ağayeva: "Sahibkarlığa tam sərbəstlik verilib"

2020.02.13 11:59 (UTC+04:00)

"Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda biznes ictimaiyyətinin təmsilçiləri də yaxından iştirak edib. Konfransın iştirakçısı, Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva bildirib ki, Prezident İlham Əliyevin sahibkarlarla görüşü, sahibkarlığın inkişafına dəstək məqsədilə yeni qərarların, qanunvericilik aktlarının qəbul edilməsi sahibkarlığın inkişafında önəmli yer tutur: "Bu gün sahibkarlar sərbəst şəkildə öz sözlərini deyir, təkliflərini irəli sürür, müzakirələr aparırlar. Sahibkarların hüquqlarının müdafiəsi üçün şərait yaradılıb".

Z.Ağayeva sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlarda qanunvericilik bazasının yenilənməsinin ən önəmli yer tutduğunu vurğulayıb. Vergi Məcəlləsinə edilən son dəyişikliklər sahibkarlığın inkişafı üçün daha münbit zəmin yaradır: "Qanunvericiliyə edilən əlavə və dəyişikliklər, eləcə də vergi sistemində yeni strukturun formalaşdırılması, idarəetmədə çevikliyin yaradılması sahibkarlar üçün çox önəmlidir. Bu yaxınlarda İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşümüz oldu. Mən lisenziyaların alınması ilə bağlı bəzi təkliflər verdim. Təbii ki, bu cür hallar bizə daha aktiv işləməyə, yeni layihələr gerçəkləşdirməyə imkan verir".

Fərqanə ALLAHVERDİQIZI