Bakıda "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilir

2020.02.13 10:15 (UTC+04:00)

Bakıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 13-14 fevral 2020-ci il tarixlərini əhatə edəcək "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, dünya səviyyəli elmi mərkəzlərin nümayəndələri, nüfuzlu universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak edirlər.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov tədbir iştirakçılarını salamlayıb, onları Azərbaycanın paytaxtı Bakı şəhərində görməkdən məmnunluq duyduğunu dilə gətirib. Ə.Muradov konfransın işinin uğurlu və dünyanın yeni inkişaf çağırışlarına uyğun səmərəli təkliflərlə yadda qalacağına ümid etdiyini bildirib.