İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov dollara tələbin aşağı düşməsini idxalın azalması ilə əlaqələndirir: "Bir neçə ildir ölkədə idxalın əvəzlənməsi prosesi gedir. Xüsusilə də kənd təsərrüfatı məhsullarına tələbin yerli istehsal hesabına ödənilməsi nəticəsində idxalın həcmi azalıb, bu da dollara tələbin bəzi aylarda aşağı düşməsinə gətirib çıxardır.
Bundan əlavə, Dövlət Neft Fondunun büdcə qarşısında öhdəlikləri yüksəkdir. Büdcə gəlirlərinin təxminən 50 faizi Dövlət Neft Fondunun transferləri hesabına formalaşır. Fond dollar satıb manat alır və həmin məbləği büdcəyə transfer edir. Dövlət Neft Fondunun təklif etdiyi dollar həcminin tələbdən yüksək olması hərraca çıxarılan dolların bir qisminin satılmamasına səbəb olur.
Bütün bunlara baxmayaraq, manatın möhkəmlənməsi gözlənilən deyil. Əvvələn, manatın möhkəmlənməsi Azərbaycanın ixracatına mənfi təsir göstərə bilər. Çünki qeyri-neft məhsullarının ixracatı üçün manatın məzənnəsi çox önəmlidir, manat bahalaşarsa, bu məhsulların dollar ifadəsində qiymətinin artmasına və xarici bazarlarda rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı olmamalıdır. Güman edirəm ki, hökumət, eləcə də Mərkəzi Bank manatın məzənnəsini mövcud səviyyədə saxlayacaq".
Səbuhi TURAN