Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

2019.01.26 11:57 (UTC+04:00)

Ölkə Prezidentinin "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunun qüvvəyə minməsi ilə əlaqədar imzaladığı fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub.

Elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portalı vasitəsilə onlayn şəkildə həyata keçiriləcəkdir. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunmaqla dövlət xərclərinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edəcəkdir.

Bundan əlavə, yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır. Dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.