Mikayıl Cabbarov: "Şəffaf işləyən sahibkarlar üçün yol açıq olacaq"

2020.02.12 16:33 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" başlığı altında keçirilən konfransdakı çıxışında bildirib ki, vergi xidməti uzun bir inkişaf yolu keçib. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramı çərçivəsində vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üçün mühüm işlər görülüb. Ötən 2019-cu il bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır.

Mikayıl Cabbarov Azərbaycanın iqtisadi sahədəki strateji hədəfindən danışarkən qeyd edib ki, 2015-2016-cı illərdə neft şoku ilə bağlı yaşanmış gərginlikdən sonra Prezidentin rəhbərliyi ilə iqtisadiyyatımız sabitləşərək artım sürətini yenidən yüksəltməyə başlayıb. Lakin hazırkı iqtisadi artım, əvvəlki dövrlərdən fərqli olaraq, əsas etibarilə struktur islahatları nəticəsində iqtisadiyyatda başlayan köklü keyfiyyət dəyişikliklərinin nəticəsidir: "Aparılan islahatların, habelə milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş siyasətin nəticəsi olaraq, ötən il iqtisadi artım tempi 2,2 faizə yüksəlib. Qeyri-neft sektorunda isə artım tempi 2 dəfəyə yaxın sürətlənərək 3,5 faizə çatıb. Strateji valyuta ehtiyatlarımız 52 milyard ABŞ dollarına çatıb və ÜDM-in həcminin 90 faizini ötüb. Qeyri-neft ixracının həcmi 14 faizə yaxın artaraq 2 milyard dollar təşkil edib. İnflyasiya 2,6 faiz təşkil edib, əhalinin pul gəlirlərinin artım tempi isə inflyasiyanı 2,8 dəfə üstələyib".

2019-cu il bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf
strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır

Nazir vurğulayıb ki, ortamüddətli dövrdə iqtisadiyyatın daha sürətlə şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, idxalı əvəz edən və ixracyönümlü yerli istehsalın, o cümlədən emal sənayesinin qurulması, ölkənin tranzit potensialının maksimum reallaşdırılması, xidmətlər ixracının genişləndirilməsi və bu əsasda iqtisadi artımın ən azı qlobal artımdan geridə qalmaması iqtisadi siyasətin əsas hədəfləridir.

"Heç şübhəsiz, irəliyə getmək üçün iqtisadi bazamız möhkəmdir, siyasi iradə güclüdür. Bu fonda, inanırıq ki, 2020-ci il iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm il olacaqdır. Vergi sistemi həyata keçirilən islahatların bilavasitə əsas iştirakçılarından biri olmaqla, tənzimləmə, nəzarət və həvəsləndirmə alətləri ilə sahibkarlığın inkişafında, iqtisadiyyatın şəffaflaşdırılması prosesində fəal iştirak edib. Son iki ildə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizminin tətbiqi biznesin qismən də olsa, "kölgə"dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir".

Mikayıl Cabbarov qeyd edib ki, 2019-cu ildə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar iqtisadi baxımdan hər hansı fəsadlar yaratmadan öz müsbət nəticələrini verməkdədir. Vergi daxilolmalarında istər proqnoz göstəricilərində, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub. "Bizim üçün ən vacib məqam ondan ibarətdir ki, 2019-cu il yanvarın 1-dən kiçik və orta sahibkarlar üçün vergi yükü ümumilikdə iki dəfə azaldılıb. Eyni dövrdə də qeyri-neft və qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə fəaliyyət göstərən vətəndaşlarımızın aylıq 8.000 manata qədər olan gəlirlərinə vergi 0 faiz dərəcəsi tətbiq edilib. Bir sıra digər qanunvericilik aktlarında təşviqedici alətlər tətbiq edilib. Bu fonda ötən il vergi daxilolmaları əvvəlki ilə nisbətən 3,5 faiz və ya 257 milyon manat çox olub, xüsusilə də qeyri-neft sektorundan əvvəlki ilə nisbətən 9,2 faiz və 458 milyon manat çox vergi toplanıb".

Aparılan islahatların, habelə milyonlarla insanın həyat
səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş siyasətin nəticəsi
olaraq, ötən il iqtisadi artım tempi 2,2 faizə yüksəlib

Sektordan daxilolmaların nominal artım tempi ÜDM-in nominal artımını 2 faiz üstələyib ki, bu da vergidən yayınma hallarının azaldılmasında vergi inzibatçılığının keyfiyyətinin artdığını göstərir. Toplanmış vergilərin 71 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Özəl sektorun payı isə 76,4 faiz təşkil edib.

Nazir vurğulayıb ki, 2005-ci ildən bəri ilk dəfə olaraq, ötən il qeyri-neft sektorunda vergi yığımı proqnozunun ən yüksək göstəricisinə – 109 faizə nail olunub: "Son 2 ildə mühüm fiskal nəticələrdən biri də artıq ödəmələrin məbləğinin 721 milyon manat azaldılması olub. Başqa sözlə, təkcə ötən il vergi orqanları 244 milyon manat həcmində artıq ödəməni azaltmaqla yanaşı, həm də vergi üzrə proqnozu artıqlaması ilə – 105 faiz yerinə yetirib. Əldə olunan nəticələr bir daha göstərir ki, biznes leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə meyillidir və hazırdır. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir və adaptasiya prosesindən uğurla keçir. Beləliklə, biz aparılan islahatların fəlsəfəsi, onun qısa və uzunmüddətli hədəfləri baxımından haradan başladığımızı və hansı nöqtəyə gəldiyimizi artıq aydın görürük. Biz uzun və çətin yolun ilk pillələrini uğurla keçmişik".

"Kölgə iqtisadiyyatı"nın iqtisadi təhlükəsizliyimizə ciddi risk yaradan əsas faktorlardan biri olduğunu deyən Mikayıl Cabbarov onun dövlət büdcəsinə ciddi təhdidlər yaratdığını bildirib. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına həsr olunmuş son tədbirdəki çıxışında hökumətin qarşısında bu sahədə xüsusi vəzifələr qoyduğu xatırladılıb: "Təhlillər göstərir ki, hazırda "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin əhəmiyyətli hissəsinin "ağarması" prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir".

İrəliyə getmək üçün iqtisadi bazamız möhkəmdir, siyasi iradə güclüdür.
Bu fonda, inanırıq ki, 2020-ci il iqtisadiyyatımızın
rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm il olacaqdır

Yüksək artım dinamikasının tədiyə növləri üzrə müşahidə edildiyini deyən nazir diqqəti qeyri-neft-qaz sektoru üzrə göstəricilərə yönəldib, burada ƏDV-də 16,4 faiz artım olduğunu deyib, bunun ƏDV-yə cəlb olunan dövriyyələrin şəffaflaşması ilə bağlı olduğu bildirilib: "Bu proses, həmçinin, özəl sektorun bankdan keçən dövriyyələrinin böyüməsi, nəticədə müəssisələrin banklardakı cari hesablaşma hesabının qalığının 71 faiz artması ilə müşayiət olunub. Aktiv ƏDV ödəyicilərinin sayı il ərzində 37,5 faiz, hüquqi şəxslərin bank hesablarının sayı 19 faiz, sahibkar fiziki şəxslərin bank hesablarının sayı isə 26 faiz artıb".

"Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına yönəldilmiş islahatlar sırasında əmək münasibətlərinin şəffaflaşdırılması prosesini xüsusi qeyd edən M.Cabbarov 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8.000 manatadək olan hissəsinin gəlir vergisindən 7 il müddətinə azad edilməsinin əhəmiyyətli fiskal nəticələr verməkdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, son bir ildə bağlanmış 153 min əmək müqaviləsinin 99 mini gəlir vergisi üzrə güzəştlərin tətbiq olunduğu qeyri-neft sektorunun özəl bölməsinin payına düşür. Bu artım daha çox ticarət, xidmət, sənaye və tikinti sektorlarında müşahidə olunub. Əmək bazarında leqallaşma proseslərini qeyri-dövlət sektorunda əməkhaqqı kartlarının sayının 37 faizədək artması da təsdiq edir.

Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizminin
tətbiqi biznesin, qismən də olsa, "kölgə"dən çıxmasına səbəb olub

Nazir bildirib ki, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsi qeyri-büdcə təşkilatlarında məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə daxilolmaların, müvafiq olaraq, 24 faiz və 40 faiz artmasında özünü göstərir: "Gəlir vergisi üzrə büdcə itkiləri bağlanmış əmək müqavilələri və sosial ödənişlərin artımı ilə artıqlaması ilə kompensasiya olunur. Bu ödəmələr üzrə əlavə daxilolmalar sosial müdafiə sisteminin maliyyələşmə mənbələrinin genişlənməsinə, Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən edilən transfertlərin həcminin azalmasına zəmin yaradır. Onu da vurğulamaq istəyirəm ki, ortamüddətli hədəfimiz bizim həmkarlarımızla bu islahatdan bəhrələnərək ölkə iqtisadiyyatımızda "uzun pullar"ın təmin edilməsi imkanlarının araşdırılmasıdır. Biz bu istiqamətdə 2020-ci il ərzində çalışacağıq".

2005-ci ildən bəri ilk dəfə olaraq, ötən il qeyri-neft sektorunda
vergi yığımı proqnozunun ən yüksək göstəricisinə – 109 faizə nail olunub

Ötən il kənd təsərrüfatı sektorunda uçot sisteminin dürüstləşdirilməsi prosesinə başlanıldığını xatırladan nazir pilot layihə çərçivəsində artıq 80 minə yaxın kənd təsərrüfatı məhsulları istehsalçısının uçota alındığını və bu prosesin davam etdiyini deyib. Vergi orqanlarının şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblərindən heç də hər kəsin razı olmağını qeyd edilib: "Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı hələ də çoxdur və illər boyu qanunsuz gəlir əldə edənlər öz vərdişlərindən asanlıqla vidalaşmaq istəmirlər. Etiraf etməliyik ki, əldə olunmuş müsbət nəticələrə baxmayaraq, bu prosesdə müəyyən çətinliklər də var. Vergi xidmətinin vəzifəsi, ilk növbədə, qeyri-formal dövriyyələrin aşkar olunaraq vergitutmaya cəlb edilməsidir".

Aktiv ƏDV ödəyicilərinin sayı il ərzində 37,5 faiz, hüquqi şəxslərin bank hesablarının
sayı 19 faiz, sahibkar fiziki şəxslərin bank hesablarının sayı isə 26 faiz artıb

Mikayıl Cabbarov 2020-ci ildə vergi xidmətinin əsas prioritetlərinin dəyişməz qaldığını vurğulayıb, bunun ilk növbədə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində atılacaq addımlar olduğunu deyib: "Əminəm ki, hər kəsə aydındır: biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yolumuz yoxdur. Hökumət şəffaf iqtisadi münasibətlərin qurulması yolunu seçib. Bu siyasət təkcə fiskal ödəmələrdən yayınanlarla mübarizə aparmaq deyil. "Kölgə iqtisadiyyatı" haqsız rəqabətə də yol açır, leqal işləyən sahibkarı çətin duruma salır və iqtisadi idarəetməni mürəkkəbləşdirir. Bazarın rəqabətqabiliyyətli olması çox vacibdir. Vergi ödəyiciləri qanunsuz üstünlüklərdən istifadə edə bilməzlər. Buna görə də yeni yanaşmamızın mühüm prinsipi vergi öhdəliklərini icra edən intizamlı ödəyici və vergidən yanınanlara fərqli münasibətin sərgilənməsidir".

Son bir ildə bağlanmış 153 min əmək müqaviləsinin 99 mini gəlir vergisi
üzrə güzəştlərin tətbiq olunduğu qeyri-neft sektorunun özəl bölməsinin payına düşür

İqtisadiyyat naziri əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndiriləcəyini, onlara qarşı məhdudlaşdırıcı alətlər tətbiq olunacağını deyib. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankla birgə aparılan işləri vurğulayıb: "Şəffaf işləyən sahibkarlar üçün yol açıq olacaq, "kölgə"də qalmaq istəyənlər üçün qapıları bağlamağa çalışacağıq. Əminəm ki, sahibkarlar şəffaf işləməyin müsbət nəticələrini görürlər. Dövlətin biznesdən gözlədiyi fəaliyyətin şəffaflaşdırılmasıdır".

Vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılmasının davam etdiyini deyən Mikayıl Cabbarov əlavə edib ki, vergi ödəyiciləri ilə münasibətlərdə yeni rəqəmsal alətlər tətbiq edilir. Rəqəmsallaşmanın vergi inzibatçılığının effektivliyini artırdığı, ənənəvi yoxlama metodlarından imtina etməklə yeni nəzarət imkanları yarandığı qeyd edilib: "Biz gözəl anlayırıq ki, rəqəmsallaşma gələcək iqtisadiyyatın əsas vektoruna çevriləcək. Tənzimləyici orqanların nəzarətindən kənarda rəqəmsal platformalar üzərindən xidmətlərin göstərilməsi, malların yerdəyişməsi ticarət əməliyyatlarında daha çox xüsusi çəkiyə malik olacaq. Həqiqət ondan ibarətdir ki, bu, həmçinin sahibkarların öz fəaliyyətlərini daha rahatlıqla həyata keçirmələrinə imkan yaratmalıdır. Tədricən həm vətəndaşlar, həm sahibkarlar, həm də aidiyyəti dövlət orqanları bu ekosistemə daxil edilir".

"Kölgə iqtisadiyyatı" haqsız rəqabətə də yol açır, leqal işləyən
sahibkarı çətin duruma salır və iqtisadi idarəetməni mürəkkəbləşdirir

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə toxunan nazir onların quraşdırılması prosesinin vergi ödəyicilərinə nəzarət sahəsində yeni bir dönəmin başlanmasına səbəb olacağını, artıq 1 ildən çoxdur qəbul edilmiş ƏDV-nin qaytarılması prosesini əks etdirən qanunun müddəasının işə salınması mexanizminin təmin edələcəyini bildirib. Vurğulanıb ki, "Rəqəmsal İdentifikasiya Sistemi", Mərkəzi Bankın "Ani ödəniş" layihəsi ilə bağlı vergi ödəyicilərinin obyektləri barədə yeni veb-servisin işə salınması kimi yeni layihələr vergi ödəyiciləri üçün yeni texnoloji imkanlar açacaq.

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinə gəlincə, nazir sahibkarların müraciətləri üçün bütün kommunikasiyaların açıq olduğunu deyib: "Apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Bir daha vurğulamaq istəyirəm ki, biz sizi dinləməyə və qarşılaşdığınız çətinlikləri həll etməyə hər zaman hazırıq. Bu, bizim vəzifə borcumuzdur".

M.Cabbarov 2020-ci ildə keyfiyyətli vergi auditi institutunun inkişafına çalışacaqlarını bildirib. Vergi administrasiyasının vergilərin ödənilməsi üzərində sərt nəzarətə və yoxlamalara deyil, vergi ödəyicilərinin könüllü şəkildə vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə üstünlük verdiyini deyib. Səyyar vergi yoxlamalarının sayının əhəmiyyətli şəkildə azaldığını qeyd edən nazir əlavə edib ki, 2019-cu ildə aktiv fəaliyyət göstərən hər min ödəyicidən yalnız ikisində səyyar vergi yoxlaması aparılıb. Əvvəlki illə müqayisədə yoxlamaların sayı 44 faiz azalıb. Lakin vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi nəticəsində əlavə hesablanmış məbləğlər 18 faiz artıb. Vergi daxilolmalarının 91 faizi könüllü ödəmələrin payına düşüb. Bu o deməkdir ki, daxilolmaların cəmi 9 faizi müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir. Qeyri-neft sektorunda bu rəqəm daha da yüksəkdir: "Bu sahədə əsas diqqətimiz vergidənyayınma sxemlərindən istifadə etməklə, xüsusən biznesin bölünməsi, vergi optimallaşdırılmasının qeyri-qanuni metodlarının həyata keçirilməsi, birgünlük şirkətlərin yaradılması praktikalarını tətbiq edən bazar iştirakçılarının qarşısını almaqdır. Ötən il bu sxemlərin qarşısını almaq üçün qanunvericilik və inzibatçılıq çərçivəsində gərəkli addımlar atılsa da, biz hələ də yeni elektron qeydiyyat sisteminin verdiyi asan qeydiyyat imkanlarından istifadə edərək bir şəxsin adına yaradılan çoxsaylı müəssisələrin qeydə alındığını müşahidə edirik. Bu, qanun pozuntusu olmasa da, bəzi hallarda bunun sui-istifadəyə yol açan alətlərdən birinə çevrildiyini görürük".

Mikayıl Cabbarov vergi ödəyicisi üçün görünməyən təmassız nəzarət texnologiyalarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bunun üçün vergi xidmətinin analitik təhlil potensialının artırılmalı, informasiya texnologiyaları sahəsində kompleks və unikal həllər həyata keçirilməli olduğunu deyib: "Təmassız nəzarətin bariz nümunəsi e-audit əsaslı vergi monitorinqidir. Vergi orqanı elektron audit sistemi vasitəsilə ödəyicinin informasiya sistemlərinə qoşulmaqla, heç bir sənəd tələb etmədən, məsafədən milyonlarla əməliyyatı real vaxt rejimində izləyə bilir. Yaxşı xəbər ondan ibarətdir ki, bu, könüllü vergi ödəyicisi tərəfindən verilən qərar olmalıdır".

2019-cu ildə aktiv fəaliyyət göstərən hər min ödəyicidən
yalnız ikisində səyyar vergi yoxlaması aparılıb.
Əvvəlki illə müqayisədə yoxlamaların sayı 44 faiz azalıb

2019-cu ilin vergi orqanları üçün ictimai əməkdaşlıq nöqteyi-nəzərindən çox əhəmiyyətli olduğunu qeyd edən nazir ötən il sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə əməkdaşlığın davam etdiyini bildirib: "Bu görüşlər və ictimai əməkdaşlıq olduqca faydalıdır. Vergi sistemini irəliyə apara biləcək bir çox rasional təkliflər alırıq. Tənqidlər və açıq müzakirələrdən sonra onların təkliflərinin bir hissəsini qəbul edirik. Xüsusilə akademik dairələrdə ilk növbədə universitetlərin də rolunu burada vurğulamaq istərdim. O cümlədən bu gün konfransda iştirak edən Dövlət İqtisad Universitetinin də bu işdə xüsusi rolu var. Fürsətdən istifadə edərək, bu prosesdə iştirak edən hər kəsə, xüsusilə qanunvericiliyin təkmilləşdirilməsi prosesində köməyi dəymiş "böyük dördlüyə" daxil olan şirkətlərə, sahibkarlıq assosiasiyalarına, vergi maarifləndirməsində rolu olan iqtisadçı ekspertlərə və şübhəsiz ki, media nümayəndələrinə minnətdarlığımı bildirirəm".

M.Cabbarovun sözlərinə görə, ötən il dövlət orqanlarında aparılan struktur islahatları inkişaf proseslərini tam şəkildə görməyə imkan verib: "Fiskal maraqların iqtisadi inkişafla uzlaşdırılması prosesi ilk baxışda çətin görünsə də, sahibkar bizim üçün təkcə vergi ödəyicisi deyil, həm də inkişafına, böyüməsinə və güclənməsinə çalışdığımız subyektdir. Sahibkarlığın inkişafı bizim hədəf yolumuzdur. İqtisadi inkişaf işgüzar aktivliyə, biznesin çevikliyinə bağlıdır. Sahibkarlıq üçün mühit sabit, şəffaf olmalı, sahibkarın hüquqları tam qorunmalıdır. Böyük sayda kiçik və orta biznes məşğulluq, layiqli həyat səviyyəsi, dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrədir".

Sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əməkdaşlıq qapılarının hər zaman açıq olduğunu deyən nazir vicdanla çalışan, şəffaf işləyən bütün sahibkarlara təşəkkürünü bildirib. Nazir nitqinin sonunda Prezident İlham Əliyevin sərəncamı ilə vergi xidməti işçilərinin peşə bayramı münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təltif edilən əməkdaşlarını təbrik edib.