Rusiyanın xarici bank hesabı olan vətəndaşları gəlirlərini itirə bilərlər

2020.02.12 13:43 (UTC+04:00)

Avrasiya İqtisadi İttifaqına üzv olmayan və ya Rusiya ilə vergilərə dair informasiya mübadiləsi aparmayan ölkələrdə bank hesabı olan vətəndaşlar həmin hesablara daxil olan pul vəsaitlərinin 75 faizindən məhrum edilə bilər. Burada, söhbət səhm dividendlərindən, eləcə də Türkiyə, ABŞ, Böyük Britaniya, Tailand kimi ölkələrdəki daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərdən gedir.

Əgər vətəndaşların bank hesabları Rusiya ilə aralarında vergi informasiyalarının avtomatik mübadilə edildiyi Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə keçirilməsə, həmin vəsaitlərə cərimə qoyulacaq.

Bu vəziyyət valyutaların tənzimlənməsi və ona nəzarət haqqında qanun layihəsində edilən düzəlişlərlə bağlı yaranıb. Rusiyanın vergi sahəsində informasiya mübadiləsi apardığı ölkələrin siyahısı Federal Vergi Xidmətinin əmrində göstərilib və həmin sənədə əsaslanan vergi ödəyiciləri məsuliyyətə cəlb edilməkdən ehtiyatlanırlar.