Çindən dünyanın 20-yə yaxın ölkəsinə yayılan koronavirus dünya iqtisadiyyatı üçün də böyük risk təşkil edir. Artıq əksər ölkələr Çinə uçuşları dayandırıb. Bundan başqa, Çindən idxal olunan mallara, xüsusilə qida məhsullarına qadağa qoyulub. Nəticədə dünyanın ən böyük neft istehlakçısı olan Çin iqtisadiyyatında enerji resurslarına tələb azalıb. Dünya iqtisadiyyatında 17 faizlik paya sahib olan Çindəki mövcud vəziyyət digər ölkələrin iqtisadiyyatına təsir etməyə başlayıb.
İqtisadçı Ruslan Atakişiyevin sözlərinə görə, koronavirus Çin iqtisadiyyatının böyümə sürətini 2 faizə yaxın azalda bilər: "Dünya bazarında neftin qiyməti ucuzlaşmaqdadır. Koronovirus epidemiyasına qarşı vaksinin hələ də tapılmaması və xəstəliyə yoluxan insanların sayının sürətlə artması bazarlara həm də psixoloji təsir göstərir. Hazırda neftin qiymətinin aşağı düşməsində maraqlı olan qüvvələr var.
Amma hesab edirəm ki, bütün bu proseslərin Azərbaycan iqtisadiyyatına ciddi təsirləri olmayacaq. Hökumət tərəfindən bəyan edilmişdi ki, 2020-ci ilin dövlət büdcəsi daxili və xarici iqtisadi şoklara dözümlüdür və baş verə biləcək hər hansı kənar təsirlərə daha tez reaksiya verə biləcək şəkildə formalaşdırılıb. Ölkənin mövcud valyuta ehtiyatları, manatın xarici valyutalar qarşısındakı məzənnəsi, maliyyə sabitliyi onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır".
Səbuhi TURAN