Böyük Britaniya ABŞ-a vergi güzəşti tətbiq edə bilər

2020.02.11 18:59 (UTC+04:00)

Böyük Britaniyanın ticarət naziri Liz Trass öz ölkəsinin ABŞ ilə başladığı ticarət sazişi barədə müzakirələrdə gömrük vergilərində geniş və əhatəli güzəştlərin təklif ediləcəyini bildirərək, "Brexit"dən sonra İngiltərənin yeni sərbəst ticarət sazişləri ilə bağlı hədəflərinin nə olduğuna aydınlıq gətirib.

Britaniya bir tərəfdən Avropa İttifaqı ilə bundan sonrakı münasibətlərinin əhatə dairəsini müəyyənləşdirəcək sazişin müddəalarını müzakirə edərkən, digər tərəfdən də ABŞ, Yaponiya, Avstraliya və Yeni Zelandiya ilə ticarət sazişlərinin imzalanması istiqamətində iş aparır.

Nazir parlament qarşısında verdiyi açıqlamada "İntensiv müzakirələr aparacaq və bütün danışıqlarda olduğu kimi, milli mənafelərimizə zidd müzakirələri tərk etməyə hazır oalacağıq", - deyib.

Trass ABŞ ilə ticarət sazişində "Britaniya müəssisələrinin ABŞ bazarına çıxışını genişləndirəcək, ölkənin istehlakçıları üçün qiymətləri aşağı salıb, seçim imkanlarını artıracaq əhatəli və qarşılıqlı fayda gətirən gömrük vergisi güzəştləri müəyyənləşdirmək" istədiyini qeyd edib.

Qeyd edək ki, Britaniyanın Avropa İttifaqından sonra ən böyük ticarət ortağı ABŞ-dır. 2018-ci ildə İngiltərənin ümumi ixracatının 19 faizi ABŞ-la olub. İdxalda isə bu göstərici 11 faiz təşkil edib. Hazırda hər iki tərəf ticarət münasibətlərinin tezliklə tənzimlənməsində maraqlıdır.