"Uzunmüddətli dövrdə iqtisadiyyatın daha sürətli şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, idxalı əvəz edən yerli istehsalın, o cümlədən emal sənayesinin qurulması, ölkənin tranzit potensialının maksimum reallaşdırılması, xidmətlər ixracının genişləndirilməsi və bu əsasda iqtisadi artımın ən azından qlobal artımdan geriyə qalmaması iqtisadi siyasətin ən əsas hədəfləridir.
Bu fikirləri "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, bu hədəflərə çatmaq üçün Azərbaycanda güclü siyasi iradə mövcuddur: "Heç şübhəsiz irəliyə getmək üçün iqtisadi balans möhkəmdir, siyasi iradə güclüdür və bu fonda 2020-ci ilin iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasında mühüm il olacağını düşünürəm".