Türkiyə vətəndaşı Almaniyada avtomobil üçün 4 min avro vergi cəriməsi ödəyib

2020.02.11 13:52 (UTC+04:00)

Türkiyənin Qayseri əyalətinə aid dövlət nömrə nişanı ilə Almaniyaya keçən Faruk Koçak Hamburqun gömrük polisi tərəfindən cərimələnib. O, keçən il noyabr ayının sonunda Türkiyədən Almaniyaya gedərkən maşın üçün 6 aylıq xarici sığorta ilə "yaşıl kart" almışdı. Hamburqda yaşayan və Almaniya vətəndaşı olan Farukun cəzalandırılmasına səbəb iki ay ərzində Almaniyada Türkiyə nömrəsi ilə maşın sürdüyü olub. Faruk Koçak deyib: "Almaniyanın gömrük polisi məni saxladı və sənədlərimi istədi. Sənədlərə baxandan sonra maşını bu şəkildə istifadə edə bilməyəcəyimi dedilər. Mən onlara maşını Türkiyədə sığorta etdirib gəldiyimi bildirsəm də mənə izah etdilər ki, daimi yaşayış yerim Hamburq olduğuna görə Avropa İttifaqından kənardan gətirilən xarici nömrəli maşını vergi ödəmədən sürə bilmərəm. Öz qiyməti 17 min avro olan maşına görə 4 min 12 avro 99 sent cərimə ödəməli oldum".