Fevralın 11-i vergi xidməti əməkdaşlarının peşə bayramı günüdür

2020.02.11 10:05 (UTC+04:00)

Ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb.

Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu isə durmadan artır. Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə nazirliyin beynəlxalq əlaqələri sürətlə genişləndirilir.

Vergi Məcəlləsindəki dəyişikliklər

Ötən ilin sonlarında vergi islahatları istiqamətində mühüm addımlar atılıb, Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər olunub. Ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Məcəlləyə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib.

Vergi Məcəlləsində edilmiş dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

Ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsi əsas məqsədlərdən biridir və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti - əmtəəsiz əməliyyatlar aparan vergiödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergiödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasını əhatə edir.

Cari ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanması mütərəqqi yeniliklədəndir. Vergiödəyicilərinin xeyli hissəsi bu dəyişikliyə qədər mövcud olan qaydanın onlara inzibatçılığın qurulmasında müəyyən çətinliklər yaratdığı və əlavə maliyyə yükü ilə üzləşdikləri ilə bağlı məsələ qaldırmışdılar. Yeni dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə - elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən "Malların alış aktı" ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin daha çevik qaydada tənzimlənməsi ilə bağlı dəyişikliklər edilib.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir.

Qanunvericilikdə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı da bir sıra dəyişiklikləri edilib. Sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması məhz sahibkarların vergi yükünün azalması ilə nəticələnəcək.

Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin optimallaşdırılması, tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə olunması və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb edilməsi kimi dəyişikliklər isə vergitutma bazasının genişləndirilməsi məqsədini daşıyır.

Beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilib. Belə ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisələr tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməlidir.

AZƏRTAC xəbər verir ki, bütün bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Peşə bayramı münasibətilə vergi xidməti əməkdaşlarını təbrik edir, hər birinə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.