Vergi və gömrük güzəştlərinin tətbiqi qaydaları izah edilib
2020.02.11 10:37 (UTC+04:00)
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.
NK-nın qərarında:
- vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,
- güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,
- güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə
- və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulmuşdur.
Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi:
- büdcə itkilərinin hesablanması,
- ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,
- güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,
- vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,
- idxal-ixrac əməliyyatları,
- dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.