Tbilisidə səfərdə olan İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb. Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşdə Gürcüstanın dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğu, hər iki ölkənin iştirakı ilə reallaşdırılan layihələrin iki xalqın rifahına, bütünlükdə regionun inkişafına xidmət etdiyi, strateji tərəfdaşlığın daha da möhkəmləndirdiyi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində hər iki ölkənin fəal əməkdaşlığı qeyd edilib, tərəfdaşlıq əlaqələrinin genişləndiyi diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişafı istiqamətlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.