Mikayıl Cabbarov: "Azərbaycan və Gürcüstanın iştirakçısı olduğu bir çox layihələr regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir"

2020.02.10 18:28 (UTC+04:00)

"Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir". Bu sözləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, uzun illərdir Azərbaycanın bir çox şirkət və müəssisələri ölkə iqtisadiyyatı ilə yanaşı, bir sıra dövlətlərin iqtisadiyyatlarına sərmayələr yatırır: "Gürcüstan da bu cür ölkələrdən biridir və bu, coğrafi mövqe və tarixi əlaqələrə görə təbiidir. Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir. Bu ölkədə Azərbaycan şirkətlərinin fəallığı müşahidə olunur. Hər iki ölkənin iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir".