Gürcüstanda 700-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir

2020.02.10 14:35 (UTC+04:00)

"Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq olduqca yüksək səviyyədədir". Bunu Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Qeyd edib ki, Azərbaycan ənənəvi olaraq Gürcüstanın ticarət dövriyyəsində lider ölkələrdən biridir: "Gürcüstanda 700-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər və birgə biznes üçün çox yaxşı şərait yaradılıb".

N.Turnava bildirib ki, görüşdə bir sıra yeni layihələr və təşəbbüslər müzakirə olunub: "Bu layihələrə "Orta dəhliz"in inkişafı da daxildir. Birgə səylərlə dəhlizin rəqabətliliyini artırmaq mümkündür ki, bu da hər iki ölkə üçün faydalı olacaq. Yeni birgə layihələr həmçinin energetika və logistika sahələrini də əhatə edir".

"İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası bu yaxınlarda Bakıda keçiriləcək" – deyə, qeyd edən N.Turnava bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüş toplantıya hazırlıq xarakteri daşıyıb.

Nazir deyib ki, komissiyanın iclasında birgə iqtisadi əməkdaşlığın inkişafının gələcək mərhələləri müzakirə olunacaq.