Azərbaycanda əmanət qoyuluşlarının gəlirlilik faizi azalıb

2020.02.10 15:09 (UTC+04:00)

Cari il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında manatla yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi 9,27 faiz, xarici valyuta üzrə isə 1,84 faiz təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabata əsasən, gəlirlilikdə aylıq müqayisədə müvafiq olaraq 0,04 faiz bəndi və 0,09 faiz bəndi azalma qeydə alınıb.

Bildirək ki, bu müddətdə fiziki şəxslərin manatla yerləşdirilən əmanətləri üzrə orta faiz dərəcəsi də 9,76 faizdən 9,68 faizə, xarici valyuta ilə yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi isə 2,45 faizdən 2,40 faizə enib.

Xatırladaq ki, 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faizdən 10 faizə, endirilib, xarici valyutada isə 3 faiz əvəzinə 2,5 faiz müəyyən edilib.

Əlavə edək ki, cari ilin mart ayının 4-dən əmanətlərin tam sığortalanması müddəti bitir.