Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

2020.02.09 15:47 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəliblər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.

Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.