"16,6 faizlik artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları əhatə edəcək"

2020.02.08 14:27 (UTC+04:00)

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi 2018-ci ildən orta illik əməkhaqqı artımı göstəricisinə görə aparılır. Əmək pensiyalarının sığorta hissəsi 2018-ci ilədək əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisinə uyğun olaraq hesablanıb artırılırdısa, 2018-ci ildən etibarən bir il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə uyğun müəyyən edilərək artırılır.

Ölkədə əmək pensiyasının minimum məbləği keçən il ərzində bütövlükdə 72,4 faiz artırılmışdı. 2019-cu il martın 1-dən əmək pensiyasının minimum məbləği 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı.

Pensiyalar orta aylıq əməkhaqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirildiyi üçün son 16,6 faizlik artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları, yəni 1 milyon 120 minə yaxın insanı əhatə edəcək. Bu artımdan sonra ölkə üzrə orta aylıq pensiya məbləği 262 manatdan 300 manata çatacaq.

Fəxriyyə İKRAMQIZI