2019-cu ildə paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artaraq 22 milyard 222,8 milyon manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsini 4,1 faiz üstələyərək 22 milyard 188,3 milyon manat təşkil edib. Hesabat ilində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2018-ci illə müqayisədə orta hesabla ayda 41,3 manat çox vəsait xərcləyib.
Keçən il pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci illə müqayisədə 0,8 faiz artaraq 10 milyard 539 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 11 milyard 683,8 milyon manata bərabər olub.
Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2018-ci illə müqayisədə 1 faiz artaraq 52,6 faiz təşkil edib.
İl ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 34,3 faizi ərzaq məhsullarının, 13,1 faizi içkilər və tütün məmulatlarının, 15,9 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 3,6 faizi elektrik malları və mebelin, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2 faizi əczaçılıq və tibbi malların, 9,9 faizi avtomobil yanacağının, 19,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.