Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsi müşahidə olunub

2020.02.07 18:16 (UTC+04:00)

Argentinalı meteoroloqlar Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsini qeyd ediblər. RİA "Novosti"nin xəbərinə görə, bu barədə məlumat Argentina Milli Meteorologiya Xidmətinin "Twitter" səhifəsində yer alıb. Söhbət Argentinanın 1961-ci ildən bəri meteomüşahidənin aparıldığı "Esperansa" elmi-tədqiqat stansiyasından gedir. Məlumatda qeyd edilir: "Fevralın 6-da Esperansa stansiyasında yeni tarixi rekord qeydə alınıb: 18°C. Bu göstərici 2015-ci il martın 24-də qeydə alınan daha əvvəlki 17,5°C rekordunu da geridə qoyub".

Bundan başqa, meteoroloqlar Argentinanın digər stansiyası olan Marambioda da 1971-ci ildən bəri yeni rekordu müəyyənləşdiriblər: 14,1°C. 2013-cü ildə qeydə alınan daha əvvəlki rekord isə 13,8°C idi.