Bakıda yeni turizm məhsullarının təqdimatı keçirilib

2020.02.07 17:57 (UTC+04:00)

Fevralın 7-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm sektorunu təmsil edən 100-dən çox şirkət nümayəndələri ilə baş tutan "Destinasiyanın inkişafı platforması" adlı tədbirdə yeni turizm məhsullarının nümayişi və təqdimatı keçirilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə "İter Vitis" şərab marşrutu barədə məlumat verilib, "azerbaijanwine.az" saytı nümayiş olunub və şərab istehsalı ilə məşğul olan yerli şirkət nümayəndələri fəaliyyət göstərdikləri sahə üzrə təqdimat keçiriblər.

Sanatoriya, kurort və tibb müəssisələrini təmsil edən nümayəndələr tərəfindən auditoriyaya Azərbaycanda sağlamlıq turizmi üzrə mövcud imkanlar haqda ümumi məlumatlar təqdim olunub.

Silsilə təqdimatlarda, həmçinin Azərbaycanın qolf turizmi üzrə imkanları və turizm sərgilərində faydalı iştirakın təşkili qaydaları barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən turizm sektorunun təmsilçilərinə il ərzində mövzular üzrə rüblük təqdimatların keçirilməsi nəzərdə tutulub.