Ötən il qiymətli kağızlar bazarında 16,382 milyard manatlıq əməliyyat həyata keçirilib

2020.02.07 17:00 (UTC+04:00)

2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16,382 milyard manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankıdan verilən məlumata əsasən, bu, 2018-ci illə müqayisədə 1,45 faiz çoxdur. Ümumi illik göstəricinin 13,182 milyard manatlıq hissəsi ilkin bazarda (8,5% az), 3,2 milyard manatlıq hissəsi isə təkrar bazarda (83,9% çox) formalaşıb.

Ötən il qiymətli kağızlar bazarında 6.072 əqd bağlanılıb. Bu, əvvəlki ilə nisbətən 6,9 faiz çoxdur. Əqdlərin 1.880-ı ilkin bazarın (14,9% çox), 4.192-si isə təkrar bazarın (3,7% çox) payına düşüb.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3,477 milyard manatlıq hissəsi və yaxud 21,2 faizi dövlət qiymətli kağızlarının, 11,782 milyard manatlıq hissəsi və yaxud 71,9 faizi korporativ qiymətli kağızların, 1,123 milyard manatlıq hissəsi və yaxud 6,9 faizi isə repo əməliyyatlarının payına düşüb. Bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 58,3 faiz çox, 11,7 faiz az və 83,5 faiz çoxdur.

Ötən il bu bazarda bağlanmış əqdlərin isə 3.277-si və yaxud 53,95 faizi dövlət qiymətli kağızlarının, 2.177-si və yaxud 35,85 faizi korporativ qiymətli kağızların, 618-i və yaxud 10,2 faizi isə repo əməliyyatlarının payına düşüb.