Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32.722,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 10,9 faiz çoxdur. Bankların aktivlərinin 13.451,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2019-cu ildə sektorun kredit portfeli 20,65 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,8 faizdən 41,1 faizə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 10,65 faiz artaraq 28.139,8 milyon manata, o cümlədən depozit portfeli 14,8 faiz artaraq 21.326,7 milyon manata çatıb. Bunun 8 508 milyon manatı fiziki, 12.818,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 2,9 faiz, şirkətlərin banklardakı vəsaitləri isə 24,3 faiz artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 15,2 faiz azalaraq 326,1 milyon manata düşüb.
Sektorun balans kapitalı isə 12,55 faiz artaraq 4.583 milyon manata çatıb.