Xaçmazdakı KOB Evində 200-ə yaxın xidmət təqdim olunacaq

2020.02.07 15:05 (UTC+04:00)

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı, həmçinin orta müddətli dövrdə ÜDM-in əsas hissəsinin bu sektorun hesabına formalaşması, məşğulluğun təmin olunmasında payının artırılması kimi yeni hədəflər müəyyən edib. Xaçmazda KOB Evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır.

Sonra təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Evinin biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalarına əsaslanan dövlət-biznes ("G2B") və biznes-biznes ("B2B") xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb.

Məlumat verilib ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək. Ümumilikdə, KOB Evində ilkin mərhələdə 200-ə yaxın "G2B" və 100-dək "B2B" xidmətlər təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək.

KOB İnkişaf Mərkəzi isə mikro, kiçik və orta sahibkarların biznes ideyalarının reallaşmasını çoxsaylı məsləhət və təlim xidmətləri ilə dəstəkləyəcək.

Tədbirdə çıxış edən sahibkarlar KOB Evinin onların fəaliyyətində rolunu vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra KOB Evinin və KOBİA-nın fəaliyyətinə dair filmlər nümayiş olunub.