Özbəkistanda qış idman növləri sahəsində fəaliyyət göstərən qeyri-hökumət uşaq idman məktəbləri üçün güzəştli vergilər tətbiq edilib. Ölkə Prezidentinin sərəncamına əsasən, güzəştlər qış idman növləri assosiasiyalarına, Özbəkistanın Hokkey Federasiyasına, eləcə də bu qurumların ərazilərdəki bölmələrinə şamil ediləcək. Adları çəkilən idman müəssisələri 2023-cü ilə qədər əmlak və sosial vergiləri 50 faiz aşağı salınmış dərəcə ilə ödəyəcəklər. Prezident Sərəncamı idmanın qış növlərinin 2020-2023-cü illər üzrə inkişafı proqramını əhatə edir. Sərəncam idman təşkilatlarını xaricdən idman avadanlıqları və inventarı idxal edən zaman gömrük rüsumlarından da azad edir.
Xatırladaq ki, 2019-cu ildə Özbəkistanda qəbul edilmiş bədən tərbiyəsi və idmanın vahid sistemi idmançılar və məşqçilər barədə məlumatların monitorinqini, mübadiləsini və təhlilini əhatə edir.